İngilis dilində söz əzbərləmə metodları - Wordly Danışır ...

İngilis dilində söz əzbərləmə metodları


İngilis dilində söz əzbərləmə metodları

İngilis dilində söz əzbərləməklə bağlı çox fərqli şeylər deyilir. Bu mövzunun məqsədi söz öyrənmə prosesinizi sürətləndirməkdir. Bu yazımızda sizə İngilis dilində söz əzbərləmə və əzbərlədiyiniz sözləri yadda saxlamaqla bağlı 5 metoddan bəhs edəcəyik.

Söz dilin əsas vahididir. Bu səbəbdən də sözləri bilmək olduqca önəmlidir. Hansı səviyyədə olmanızdan asılı olmayaraq, istər gündəlik həyatda istifadə edin, istərsə də, iş həyatınızda – hər zaman yeni sözlərə ehtiyac duyulur. Bu yazımızda həm imtahanlara hazırlaşanlara, həm gündəlik həyatında istifadə etmək istəyənlərə, həm də iş həyatında İngilis dilinə ehtiyac duyanlara uyğun ən yaxşı metodlarla tanış olacaqsınız.

Təhsil həyatımızın əksər sahələrində bir çox şeyləri əzbərləmək məcburiyyətində qaldıq. Bunların əksəriyyəti də imtahandan sonra yadımızdan çıxdı. Bu səbəblə də xüsusən İngilis dilində söz əzbərləmə mövzusunda daha effektiv metodlara ehtiyac duyuruq. Biz də bu səbəblə sizə, uzun müddət yadda qalacaq, sürətli və təsirli metodlardan bəhs edəcəyik. İngilis dilində asan söz əzbərləmək üçün ən effektiv 5 qayda aşağıdakılardır:

İngilis dilində söz əzbərləmək üçün 5 qayda

Aşağıda İngilis dilində asan söz əzbərləmək üçün ən effektiv 5 qayda verilmişdir:

  • İngilis dilində kitab oxumaq
  • İngilis dilində sözləri təkrarlamaq
  • İngilis dilində lüğət yaratmaq
  • İngilis dilində mahnı əzbərləmək
  • Sözlər arasında bağ qurmaq

İngilis dilində kitab oxumaq

Söz ehtiyatınızı inkişaf etdirmənin ən yaxşı yollarından biri istər ana diliniz, istərsə də xarici dil olsun, bol-bol kitab oxumaqdır. Bu bir roman da ola bilər, hər hansı bir mövzu haqqında məqalə və ya maraqlandığınız jurnal da. Həvəsinizin azalmaması üçün sevəcəyiniz və sıxılmayacağınız mövzularda oxumağa başlaya bilərsiniz.

Oxuyarkən bir çox bilmədiyiniz sözlə də qarşılaşacaqsınız, məqsədimiz də budur, elə deyilmi? Hər yeni qarşılaşdığınız söz üçün lüğətə baxıb “mənası belə imiş?” deyib keçsəniz, növbəti cümlədə mənasına baxdığınız o sözü də unutmuş olduğunuzun fərqinə varacaqsınız. Bundan əlavə, hər iki cümlədə bir oxumağı saxlayıb lüğətə baxmaq, mövzu üzərindəki diqqətinizi tamamən dağıdacaqdır.

Burada etməli olduğunuz şey, mövzunun gedişatına baxaraq o sözün mənasını anlamağa çalışmaq olmalıdır. İlk başda nə olduğunu başa düşməsəniz də, bir sonrakı qarşılaşmanızda mütləq ki, o sözün mənasını təxmin edə biləcəksiniz. Belə olan halda həm sıxılmadan oxumağa davam edə biləcək, həm də sözlərin mənalarını daha qalıcı formada öyrənə biləcəksiniz. Çünki o söz üzərində daha çox düşünmüş olacaq və cümlə içində necə istifadə edildiyini daha yaxşı qavrayacaqsınız.

İngilis dilində və ya digər dillərdəki kitabların kitabxanalarda tapılması limitli olduğu üçün mənbə tapmaqda çətinlik çəkə bilərsiniz. Ancaq texnologiya dövründə yaşamamızın ən gözəl nemətlərindən biri də online kitablara və PDF-lərə sahib olmağımızdır. Öz zövqünüzə uyğun janrlarda seçdiyiniz kitabları, original dilində oxuya bilməkdən daha gözəl nə ola bilər ki? Bu metod vasitəsi ilə 50 səhifəlik qısa kitabdan belə ən az 30 sözü yaxşı formada öyrənmiş olacaqsınız.

İngilis dilində sözləri təkrarlamaq

İngilis dilində söz əzbərləmək üçün əvvəlcə yeni öyrəndiyiniz sözü qələm götürün və təkrar-təkrar yazın, əliniz öyrəşsin, əliniz öyrəşərkən zehniniz də sözü dəfələrlə görsün. Sonra o sözü tələffüz edin, diliniz dönsün, diliniz dönərkən də qulaqlarınız o sözü dəfələrlə eşitsin. Sonra o sözü cümlə içərisində işlədin, zehninizdə cümlə ilə bağlı xəyallar qurun. Bunları etdiyiniz zaman o sözü tam mənasıyla təcrübə etmiş və zehninizə yaxşıca yerləşdirmiş olacaqsınız. Təkrarlama bacarmağın açarıdır. Bir şeyi öyrənmək üçün müəyyən qədər yaxşıca təkrarlamaq lazımdır.

Hər gün yeni sözləri öyrənmək üçün özünüzə zaman ayırın. Necə etdiyinizin heç bir fərqi yoxdur, amma hər gün kiçik təcrübələr etməyiniz olduqca önəmlidir. Bu, sizin üçün gözəl ənənə olacaqdır. Edilən elmi araşdırmalara görə, yatmazdan əvvəl edilən təkrarlar, şəxslərin yuxu əsnasında da öyrənmə prosesinə təsir etməkdədir. İstər İngilis dili, istərsə də, hər hansı bir mövzuda qazanılan məlumatların yatmazdan əvvəl təkrar edilməsi, şəxslərin o mövzunu daha sürətli öyrənməsinə kömək edəcəkdir. İngilis dilində söz əzbərləmək istəyənlərin, bu sözlərə dair aldıqları müxtəlif qeydləri yatmazdan əvvəl təkrar edərək yuxuya dalmaları, onları bəlkə də fərqinə belə varmadan sözləri öyrənmələrini təmin etməkdədir. Bu səbəblə də İngilis dilində asan söz öyrənmə yollarından biri də yatmazdan əvvəl təkrar etməkdir.

İngilis dilində lüğət yaratmaq

İngilis dilində söz əzbərləmə yollarından biri də sevdiyiniz bir serialı izləyərkən və ya mahnıya qulaq asarkən bilmədiyiniz bir söz ilə qarşılaşdığınız zaman çantanızdan qeyd dəftərinizi çıxarın və qeyd aparın. Sonra qeyd etdiyiniz bu kağızları iş masanıza, yəni daimi olaraq gözünüzün önündə duracaq bir küncə ilişdirin. Əgər bu formada işləməyi seçmirsinizsə və qeyd dəftəri tutmaq istəyirsinizsə, o zaman qeyd dəftərinizi 24 saat, 1 həftə və 1 ay sonra təkrar nəzərdən keçirin. Beləliklə, sözlər yaddaşınızda daha yaxşı qalacaqdır. Öyrəndiyiniz yeni sözləri daha qalıcı formaya gətirmək üçün istifadə edilən ən yaxşı metodlardan biri də lüğətini tutduğunuz sözləri zaman-zaman cümlə içərisində istifadə etməkdir. Əyləncəli və ya sizinlə bağlı cümlələrdən istifadə etmək daha effektiv  ola bilər. Əgər göz yaddaşınızın güclü olduğunu düşünürsünüzsə, o zaman lüğət dəftərinizə sözlə bağlı şəkillər də çəkə bilərsiniz.

İngilis dilində mahnı əzbərləmək

Müəyyən bir şeyi öyrənərkən istifadə edəcəyiniz metodun sizin üçün əyləncəli olması daha çox effektivdir. İngilis dilində söz əzbərləmə metodları arasında sevərək istifadə edə biləcəyiniz metodlardan biri də sevdiyiniz xarici mahnıları əzbərləməkdir. Əksər zamanlarda sevdiyimiz mahnıların nəqərat hissəsini oxuyur, sürətli oxunan aradakı cümlələrə çox diqqət etmirik. Mahnının bütün sözlərini əzbərləmək isə həm bizə yeni şeylər öyrədir, həm də sevdiyimiz mahnını başdan sona qədər oxuyub daha çox zövq alırıq.

Bununla yanaşı ən çox sevdiyimiz və etdiyimiz metodlardan biri də xarici serial və film izləməkdir. Madam ki, zövq alırıq işi daha da əyləncəli formaya gətirək və bunu qazanca çevirək. Xarici serial və filmləri original səsi ilə və alt yazı ilə izləmək İngilis dilində söz öyrənmək üçün ən effektiv metodlardan biridir.

Hamımızın Spotify siyahısında bir neçə İngilis dilində mahnı var və bəzən də güzgü qarşısında bunları qışqıra-qışqıra oxumaq istəyirik. Ancaq bunu tətbiq edə bilmək üçün əvvəlcə nə dediyini başa düşməli, başa düşdükdən sonra isə Azərbaycan dilindəki mənasını bilməliyik. Bu səbəbdən də əksəriyyətimizin Google-da “lyrics” yazıb axtarış etməmiz reallıqdır. Bu metod vasitəsi ilə, bilmədiyimiz yeni sözlərlə tanış olur, mahnını daha yaxşı başa düşmək üçün isə həmin sözlərin Azərbaycan dilindəki mənasına baxırıq. Musiqi dinləmək həmçinin, beynimizin sözlərin tələffüzünü dərk etməsini və yenidən qarşılaşacağımız zaman ağlımızda canlanmasını təmin edir. Mahnıya qulaq asarkən sözlərini təkrarlamağımız isə onların daha yaxşı yadımızda qalmasına şərait yaradır.

Sözlər arasında bağ qurmaq

İngilis dilində söz əzbərləmə metodlarından biri olan sözlər arasında bağ qurmaq metodunda tələbə əvvəlcə zehnini və ağlını necə istifadə edəcəyini öyrənməlidir. Eyni zamanda tələbə sözləri günlük həyatda da tətbiq edərək beynində canlandırmağı bacarmalıdır. İlk dəfə qarşılaşdığımız İngilis dilindəki sözün lüğətdəki mənasına baxmaq əvəzinə, əvvəlcə elektron formada tələffüzünə baxmaq və tələffüzü nəyə oxşayırsa onun vasitəsi ilə xatırlayacağımız formada ağlımıza yerləşdirməyimiz daha praktiki bir metoddur. Məsələn,

“acquire” sözünün tələffüzünə internetdə qulaq asdığımız zaman [əˈkwaɪə] – “A KU WAY” kimi eşidiləcəkdir və mənası da “əldə etmək, qazanmaq”-dır. Bu halda bu sözü öyrənməyə çalışan biri sözün tələffüzü ilə “akvarium” sözünü bir-birinə oxşadaraq yadında saxlaya bilər. Mən akvariumu kupon vasitəsi ilə əldə etdim. Eyni cümlədə həm “acquire” sözünün həm mənası, həm də tələffüzünə oxşar söz öz əksini tapmışdır.

Sözün içərisində olan hecaları Azərbaycan dilindəki və ya İngilis dilindəki bildiyiniz bir sözə oxşatdığınız zaman, o sözü daha sürətli öyrənə bilərsiniz. Məsələn, “gözdən itmək” mənasına gələn “vanish” sözünü Van gölü canavarı mövzusu ilə əlaqələndirib daha yaxşı yadda saxlamaq mümkündür. Bu metod bütün sözlər üçün uyğun olmasa da, müəyyən bir qismini bu metod vasitəsi ilə öyrənmək işimizi olduqca asanlaşdıracaqdır.

  • Catch – tutmaq – keçilər qaçdı, onları tutmalıyıq (catch sözünün tələffüzü ilə keçi sözü uyğunlaşdırılıb)
  • Ash- kül – külləri eşələmə (ash sözünün tələfüzü eşələmək sözünün birinci hecası ilə uyğunlaşdırılıb)
  • Observe – müşahidə etmək  (buna uyğun bənzətmə tapa bilmədik, qeyd etdiyimiz kimi bu metod bütün sözlərə uyğun olmaya bilər 😊)

İngilis dilində ən çox istifadə edilən sözlər ilə tanış olmaq üçün “A-dan Z-ə qədər ən çox istifadə edilən sözlər və mənaları” başlıqlı yazımızla tanış ola bilərsiniz.

BONUS:

Əgər siz də bunlarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman İngilis dilində söz əzbərləmə proqramı olan Wordly məhz sizin üçündür. Wordly ilə hər gün İngilis dilində olan yeni söz öyrənmək çox asandır. Tətbiqetməni ilk dəfə açdığınız zaman ilkin olaraq kateqoriya seçimi ilə qarşılaşırıq. Beləliklə, İngilis dili səviyyəmizə uyğun olaraq sözlərin qarşımıza çıxmasını təmin edirik.

Daha sonra isə səviyyəmizi yüksəldə bilər, sözlərin çətinlik dərəcəsini artıra bilər və ya azalda bilərik. İngilis dilini yeni öyrənirsinizsə, o zaman başlanğıc səviyyəsindən başlayaraq irəliləyin və irəliləyiş hiss etdikcə səviyyənizi yüksəltməyi unutmayın.

Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız.

Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.

Recent Content